İsrail Müdafiə Qüvvələri (İMQ) “Qlobal Sumud Donanması” çərçivəsində Qəzza zolağına doğru hərəkət edən gəmilərin ələ keçirilməsinə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, “tutma əməliyyatı davam edir və heç bir fövqəladə hal və ya zorakılıq qeydə alınmayıb”. Bildirilir ki, əməliyyat İsrail sahillərindən yüzlərlə kilometr uzaqda, Krit adasının qərb hissəsi yaxınlığında və Qəzza sahillərindən təxminən 1000 kilometr məsafədə həyata keçirilir.
Qeyd olunur ki, İsrail tərəfi donanmanın geniş miqyasını nəzərə alaraq bu addımı atıb. Mənbəyə görə, donanmada təxminən 100 gəmi və 1000-ə yaxın fəal iştirak edir.
Məlumata əsasən, İsrailin müdafiə naziri İsrael Katz aprelin 29-da “Qlobal Sumud Donanması – İkinci Missiya” üçün ianə toplanmasına başlayan şəxslərə qarşı sanksiyaların tətbiq olunmasını əmr edib.
İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, donanmanın gəmiləri İspaniya, İtaliya və Türkiyə də daxil olmaqla bir neçə ölkənin limanlarından yola düşüb. Rəsmi mövqeyə görə, donanma “HƏMAS tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində və humanitar yardım adı altında təşkil edilib”.
“The Times of Israel” nəşrinin məlumatına görə isə İsrail qanunvericiliyinə əsasən, müdafiə nazirinin “terror təşkilatına məxsus və ya terror məqsədləri üçün istifadə edilən əmlakın müsadirəsi” barədə göstəriş vermək səlahiyyəti var.