Dələduzluq cinayətində ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Şahlar Qənaət oğlunun Ukraynadan ekstradisiyası barədə qərar qəbul edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Baş Prokurorluğunun Ukrayna tərəfinə ünvanladığı sorğu və beynəlxalq prosedurlar çərçivəsində təqdim olunan sənədlər əsasında aparılan danışıqlar müsbət nəticələnib. Şahlar Cabbarov Nəsimi rayon polis idarəsində istintaqı aparılan cinayət işi üzrə təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılır.
İstintaqdan yayındığı üçün barəsində beynəlxalq axtarış elan edilən şəxs İnterpolun Milli Mərkəzi Bürosunun xətti ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində saxlanılıb. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən onun ölkəyə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlarla əməkdaşlığın davam etdirildiyini bildirib.