İran Xarici İşlər Nazirliyi ABŞ-nin müharibənin gedişi və nəticələri ilə bağlı qərar vermək hüququ olmadığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran XİN sözçüsü Tehranda keçirilən həftəlik mətbuat konfransında Vaşinqtonun müharibəni idarə etmək cəhdlərini tənqid edib.
Bildirilib ki, sözçü ABŞ-nin öz yaratdığı böhranın içində çıxılmaz vəziyyətdə qaldığını qeyd edib və İranın milli maraqlarını hər şeydən üstün tutduğunu vurğulayıb.
"Biz ABŞ-ın müharibə və sülh vaxtını müəyyən etməsinə icazə verməyəcəyik. Ölkəmizin təhlükəsizliyi ilə bağlı qərarlar xüsusi proseslər çərçivəsində qəbul olunur və biz lazım olduğu müddətcə özümüzü müdafiə edəcəyik", - deyə İran rəsmisi bildirib.
Qeyd olunub ki, ABŞ və İsrail tərəfindən fevralın 28-də başladığı bildirilən hərbi əməliyyatlardan sonra bölgədə gərginlik artıb. İranın müqavimət göstərdiyi qarşıdurmanın ardından tərəflərin aprelin 8-də 40 günlük gərginlikdən sonra atəşkəsə razılaşdığı bildirilib.
Məlumata görə, iyunun 17-də Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında düşmənçiliyin dayandırılması və danışıqların davam etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Lakin rəsmi Tehran Vaşinqtonu əldə olunan razılaşmanın müddəalarını pozmaqda ittiham edir və bildirir ki, buna cavab olaraq İran sərt addımlar atıb. Hazırda bölgədəki vəziyyətlə bağlı yeni məlumatlar gözlənilir.