İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə qarşıdurması yeni mərhələyə qədəm qoyub. İranın Vyanadakı missiyası ABŞ və Böyük Britaniya, Fransa və Almaniyadan ibarət Avropa üçlüyünün hazırladığı birgə qətnamə layihəsini sərt şəkildə tənqid edib.
İran tərəfi, həmçinin MAQATE-nin baş direktoru Rafael Qrossinin agentliyin bir ildən çoxdur İranın nüvə fəaliyyətlərinə çıxışla bağlı “tamamilə kor” vəziyyətdə olması barədə fikirlərini rədd edib və bu açıqlamanı “mənasız” adlandırıb.
MAQATE Rəhbərlər Şurasının rüblük iclası sentyabrın 7-də Vyanada bərpa olunub. İclasın gündəliyində İranın nüvə proqramı yer alsa da, Tehranla agentlik arasında əsas fikir ayrılığı İranın 2025 və 2026-cı illərdə İsrail və ABŞ tərəfindən bombalanan nüvə obyektlərinə MAQATE müfəttişlərinin girişinə qoyulan qadağa ilə bağlıdır.
İran nüvə obyektlərinə hücumları pisləyib. İran nümayəndə heyəti bildirib ki, bu zərbələr BMT Nizamnaməsini və MAQATE-nin əsasnaməsini pozub, agentliyin hüquqi çərçivəsinə və nüvə təhlükəsizliyi prinsiplərinə zərər vurub.
İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, nümayəndə heyəti hücumları məsuliyyətsiz addım kimi qiymətləndirib və belə hücumların normallaşdırılmasının mümkün nəticələri barədə xəbərdarlıq edib. Tehran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir.
İran nümayəndəliyi MAQATE-nin baş direktoru Rafael Qrossini ABŞ və İsraili hücumları və təhdidləri dayandırmağa çağırmağa səsləyib. Missiyanın “X” platformasındakı paylaşımında qeyd olunub ki, bu addımlar ölkədə təminat tədbirlərinin həyata keçirilməsi üçün şərait yaratmaq baxımından zəruridir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai ABŞ və Avropa üçlüyünün qətnamə layihəsini “mənasız, məntiqsiz və qanunsuz” adlandırıb. O bildirib ki, layihə Vyanada keçirilən MAQATE Rəhbərlər Şurasının iclasında qəbul edilərsə, İran buna cavab verməyə hazırdır.
Tehran hesab edir ki, 2025-ci ildə analoji addım 2026-cı ilin fevralında İsrail və ABŞ-ın İrana qarşı müharibəsinə zəmin yaradıb. İran bununla yanaşı, MAQATE müfəttişlərinin fəaliyyətinə tətbiq etdiyi məhdudiyyətləri müdafiə edib və agentliyin rəhbərini kəskin tənqid edib.