İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livanda qüvvədə olan atəşkəsin regiondakı müharibəyə son qoyacaq yekun razılaşmanın tərkib hissəsi olduğunu bəyan edib. Xarici KİV-ə istinadən yayılan məlumatlara görə, Bəqai Livanda baş verən proseslərin əsas aktoru kimi ABŞ-ni göstərib.
İranlı rəsmi İsrailin atəşkəs rejiminə baxmayaraq, həm Livanda, həm də işğal olunmuş Fələstin ərazilərində hərbi əməliyyatlarını və cinayətlərini davam etdirdiyini vurğulayıb. O, "Livandakı atəşkəs müharibəni sona çatdıracaq yekun razılaşmanın ayrılmaz hissəsidir. Sionist rejim isə zahiri atəşkəsə baxmayaraq, Livanda və işğal altında olan Fələstin torpaqlarında ən ağır və qəddar cinayətləri törətməyə davam edir", - deyə qeyd edib.
ABŞ ilə aparılan danışıqlara da toxunan Bəqai, dialoqun tərəflər arasında etimadın mövcudluğu anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonla görüşlər qarşılıqlı şübhə və etimadsızlıq mühitində keçir. İran rəsmisi ABŞ-nin ziddiyyətli bəyanatlarının və media vasitəsilə ötürdüyü mesajların danışıqlar prosesini ləngitdiyini əlavə edib.
Bəqai hazırkı mərhələdə nüvə məsələlərinin gündəmdə olmadığını iddia edərək, bu sahədə addım atılması zərurəti yarandıqda Tehranın atacağı addımları bildiyini ifadə edib.