İran və Səudiyyə Ərəbistanı arasında yüksək səviyyəli təmas baş tutub. İranın xarici işlər naziri Abbas Əraqçi və səudiyyəli həmkarı Feysal bin Fərhan Əl Səud telefon danışığı apararaq, regiondakı gərginliyi və İslamabadda keçirilən İran-ABŞ danışıqlarını müzakirə ediblər.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Mehr" informasiya agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran, ABŞ və müttəfiqlərinin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hərbi bazalarına zərbələr endirib.
Gərginliyin ardınca, 2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə tərəflər arasında birbaşa danışıqlar keçirilib.
Bütün bu proseslərin fonunda ABŞ prezidenti Donald Tramp yeni bir qərar açıqlayıb. O bildirib ki, ABŞ hərbçiləri aprelin 13-ü, bazar ertəsi ABŞ Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazının blokadasına başlamağı planlaşdırır.