Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dünən açıqlama yayıb. Məlumatda bildirilir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə və milli maraqlarına qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısı görülmüş kompleks tədbirlər nəticəsində, Azərbaycan vətəndaşları – Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və digərləri – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu dəyişdirməyə yönələn hərəkətlərdə şübhəli bilinirlər.
Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ölkədə stabilliyin qorunması möhkəm əllərdədir və “beşinci kolon” adlandırılan xəyanət şəbəkəsinin gizli əməlləri cəzasız qalmayacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamanı şərh edən deputat qeyd edib ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunub və istintaq qarşısında cavab verirlər.

Vüqar Bayramov xatırladıb ki, 2013-cü ildə prezident seçkiləri ərəfəsində yaradılan anti-milli “şuralar”ın məqsədi Azərbaycanı yenidən anarxiyaya sürükləmək və Ramiz Mehdiyevin 2003-cü ildə yarımçıq qalmış xüsusi planını reallaşdırmaq idi. Lakin güclü Azərbaycan hakimiyyəti və xalq-iqtidar birliyi həmin planların reallaşmasına imkan verməyib.

Deputat vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş güclü dövlətdir və ölkədə ictimai-siyasi stabilliyə nəzarət möhkəm əllərdədir. Hər hansı daxili və xarici antiazərbaycan qüvvələrin məkrli niyyətləri qarşısı qətiyyətlə alınacaq.