WUF13 çərçivəsində QHT Forumunun təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir. Vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan dayanıqlı, davamlı və insanyönümlü şəhərlərin formalaşdırılması mümkün deyil.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.
“QHT icmasının iştirakı olmadan belə bir tədbir tam hesab edilə bilməzdi. Sizin baxışlarınız, töhfələriniz və tövsiyələriniz bizim üçün olduqca dəyərlidir. Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Dövlət tərəfindən QHT-lərin maliyyə imkanlarının artırılması, təlim proqramları, institusional inkişaf və potensialın gücləndirilməsi istiqamətində dəstək göstərilir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesində QHT-lərin bilik və təcrübəsindən geniş istifadə edirik”, – deyə H.Hacıyev əlavə edib.