Argentinanın San Xuan əyalətində baş verən helikopter qəzası nəticəsində 7 nəfər həyatını itirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Bell 412" tipli helikopter "Ischigualasto" Dövlət Parkı ərazisində qəzaya uğrayıb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzanın texniki nasazlıq, yoxsa hava şəraiti ilə bağlı olub-olmadığı aparılan araşdırmalardan sonra müəyyənləşəcək.
San Xuan əyalətinin qubernatoru Marselo Orreqo sosial media hesabında hadisəni təsdiqləyərək həlak olanların ailələrinə başsağlığı verib. O bildirib ki, dövlət qurumları zərərçəkən ailələrə lazımi dəstəyi göstərəcək.
Məlumata görə, qəza nəticəsində həyatını itirənlər arasında yüksək vəzifəli dövlət və təhlükəsizlik rəsmiləri də olub.
İlkin məlumatlara əsasən, həlak olanlar arasında San Xuan Mülki Müdafiə İdarəsinin rəhbəri Karlos Heredia, Əyalət Polis İdarəsinin rəis müavini German Videla, eləcə də Yanğınsöndürmə Departamentinin nümayəndələri Ruben Kastro və Xorxe Karbaxalın olduğu bildirilir.
Hazırda hadisə yerində xilasetmə və araşdırma qrupları fəaliyyət göstərir.