Daşqınlar, normadan artıq istilik, torpaq sürüşmələri və digər təbii hadisələr xüsusilə infrastrukturdan və əsas xidmətlərdən kənarda yaşayan insanlar üçün ciddi təhlükə yaradır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, qeyri-formal yaşayış məntəqələrində yaşayan icmalar su, elektrik və digər əsas xidmətlərə çıxış imkanlarının məhdud olması səbəbindən iqlim dəyişikliklərinin təsirlərini daha ağır şəkildə hiss edirlər.
“Bəzi hallarda insanlar hər gün evlərini və ailələrini itirmək qorxusu ilə yaşayırlar. Təhsil, səhiyyə və sosial təminat kimi fundamental xidmətlərə çıxışın zəifləməsi isə vəziyyəti daha da çətinləşdirir. Qeyri-formal yaşayış məntəqələri ilə bağlı problemlər artıq qlobal gündəliyin əsas məsələlərindən birinə çevrilib və bu istiqamətdə növbəti onillik üçün daha sistemli fəaliyyət planına ehtiyac var”, - UN-Habitat-ın icraçı direktoru sözlərinə əlavə edib.
Sessiyada şəhərsalma siyasətində torpaq planlaşdırılması və daha kompakt şəhər inkişafı modelinin əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, plansız urbanizasiya həm iqlim risklərini artırır, həm də infrastruktur xərclərinin yüksəlməsinə səbəb olur.
Anaklaudia Rossbax qeyd edib ki, şəhərlərin daha balanslı inkişaf modeli həm insanların təhlükəsizliyinin təmin edilməsinə, həm də dayanıqlı iqtisadi inkişafın təşviqinə töhfə verə bilər.