Almaniya hökuməti ABŞ-dən ölkə ərazisində Amerika silahlarının istehsalının genişləndirilməsi üçün icazə almağa çalışır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
Bildirilib ki, rəsmi Berlin gələn həftə Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Vaşinqtonla birgə istehsal müqaviləsi imzalamaq niyyətindədir. Məlumata görə, bu təşəbbüs Avropa ölkələrinin müdafiə sənayesi potensialını artırmaq və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Qeyd olunub ki, Almaniya və ABŞ müdafiə sənayesi müəssisələrini birləşdirəcək birgə istehsal formatları üzrə danışıqlar artıq başlayıb.
Mənbələrin bildirdiyinə görə, müzakirə olunan əsas istiqamətlər arasında uzaqmənzilli “Tomahawk” raketlərinin və “Patriot” (PAC-3) zenit-raket kompleksləri üçün raketlərin Almaniyada istehsalı yer alır.
Məlumata əsasən, həm ABŞ hökuməti, həm də müdafiə sənayesi şirkətləri bu təşəbbüsə müsbət yanaşma sərgiləyiblər.
Qeyd edilib ki, daha əvvəl ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunu azaltmaq planları çərçivəsində bəzi uzaqmənzilli silahlarla bağlı yerləşdirmə qərarlarına yenidən baxıla biləcəyi də gündəmə gəlib.