Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) yük avtomobillərinin sürücülərinə rəsmi çağırış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların yollarda ciddi narahatlıq doğurduğu xüsusi vurğulanıb.
BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq
Qeyd olunub ki, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları müşahidə edilir. Bu hallar digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır.
İdarənin açıqlamasında bildirilir: "Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun və yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır".
Müraciətdə vurğulanıb ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır. Qurum sürücüləri yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə dəvət edir.