Türkiyənin bir neçə bölgəsində baş verən meşə yanğınları səbəbindən genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Muğla, Antalya və Balıkesir vilayətlərində meşəlik ərazilərdə başlayan yanğınlar güclü küləyin təsiri ilə yayılıb. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən təhlükəsizlik məqsədilə çoxsaylı evlər boşaldılıb.
Yanğınların söndürülməsi üçün Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin koordinasiyası ilə yanğınsöndürmə qüvvələri, könüllülər və yerli sakinlər səfərbər olunub.
Antalyanın Alanya rayonunda başlayan yanğın geniş əraziyə yayılıb. Alovun yaşayış evlərinə yaxınlaşması nəticəsində Sapadere, Fakırcalı və Beldibi məhəllələrində 45 ev təxliyə edilib. Səhər saatlarından etibarən yanğınsöndürmə təyyarələri və helikopterlər ərazidə fəaliyyətini bərpa edib.
Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsində və Fethiye rayonunun Yeşilüzümlü məhəlləsində də yanğınlarla mübarizə davam edir. Fethiyedə yanğının naməlum səbəbdən başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib. Seydikemerdə isə bəzi evlər və heyvanlar təhlükəsiz ərazilərə köçürülüb.
Balıkesirin Gömeç rayonunda isə meşə yanğınlarına qarşı əməliyyatlar ikinci gündür davam edir. Kumgedik məhəlləsi yaxınlığındakı yanğının söndürülməsinə 6 təyyarə, 5 helikopter, 30 texnika və 658 nəfərlik heyət cəlb olunub.
Yanğın təhlükəsi səbəbindən Ayvalık rayonunun Tıfıllar məhəlləsinin sakinləri də ehtiyat tədbiri olaraq təxliyə edilib.