Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Qrenlandiyanın dəstəklənməsi və inkişafına yönəlmiş genişmiqyaslı investisiya planını təqdim edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Aİ-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın ofisi yayıb.
"Politico" nəşrinin verdiyi məlumata görə, yeni investisiya paketi adada gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına və yerli əhalinin öz gələcəkləri barədə qərar vermə hüququnun gücləndirilməsinə xidmət edəcək.
Aİ-nin adaya qoyacağı investisiyaların həcminin demək olar ki, iki dəfə artırılaraq 500 milyon avroya çatdırılması planlaşdırılır. Səfər çərçivəsində Yozef Sikelanın Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen və digər rəsmi şəxslərlə görüşü gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte arasında Qrenlandiya ilə bağlı yeni razılaşmanın konturları müzakirə edilib. "Axios" portalının məlumatına görə, bu razılaşma Danimarkanın suverenliyini qorumaqla yanaşı, ABŞ-a adada yeni hərbi bazalar və müdafiə zonaları yaratmaq imkanı verə bilər.