Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi "Google"a tətbiq olunan 4,1 milyard avro məbləğində cərimə ilə bağlı apellyasiya şikayətini rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Lüksemburqda yerləşən məhkəmə "Google" və onun çətir şirkəti "Alphabet"in 2022-ci ildə Aİ Ümumi Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayəti qəbul etməyib.
Məhkəmə qərarında bildirilib ki, "Google"un "Android" əməliyyat sistemi ilə bağlı dominant mövqeyindən sui-istifadə etməsinə görə tətbiq edilən cərimə hüquqa uyğundur. Bununla da şirkətə tətbiq olunan 4,1 milyard avroluq cərimə qəti qüvvəyə minib.
Aİ Komissiyası 2018-ci ildə qəbul etdiyi qərarda "Google"un "Android" əməliyyat sistemindən istifadə edən mobil cihaz istehsalçılarını müxtəlif müqavilə və lisenziya şərtləri vasitəsilə "Google Search" və "Google Chrome" tətbiqlərini cihazlara əvvəlcədən quraşdırmağa məcbur etdiyini və bunun rəqabət qaydalarının pozulması olduğunu bildirmişdi. Həmin vaxt şirkətə 4,34 milyard avro məbləğində rekord cərimə tətbiq edilmişdi.
Aİ Ümumi Məhkəməsi 2022-ci ildə Komissiyanın bəzi arqumentlərini qismən etibarsız saysa da, "Google"un rəqabət qaydalarını pozduğunu təsdiqləmiş və cərimənin məbləğini 4,1 milyard avroya endirmişdi.
Ədalət Məhkəməsinin son qərarı ilə bu məbləğ qüvvədə saxlanılıb və iş üzrə hüquqi proses yekunlaşıb.