Ukrayna ordusu Rusiyanın Voronej vilayətində yerləşən raketlərin elektron komponentlərinin istehsalı ilə məşğul olan müəssisəyə hava zərbəsi endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücum zamanı “İskander” taktiki raket sistemləri üçün vacib komponentlərin istehsal edildiyi müəssisə hədəf alınıb. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev hadisə nəticəsində 5 nəfərin həlak olduğunu, onlarla insanın isə yaralandığını təsdiqləyib.
Bildirilib ki, zərbələr nəticəsində Voronej şəhərində yerləşən 10 çoxmərtəbəli və 6 fərdi yaşayış evinə də ziyan dəyib.
Eyni zamanda, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə hava hücumlarını davam etdirdiyi qeyd olunub. Məlumata əsasən, iyunun 23-də gecə saatlarında Kiyev və bir sıra bölgələrdə hava həyəcanı siqnalları aktivləşib.
Zaporojye vilayətinin qubernatoru İvan Fedorov bildirib ki, bölgədə baş verən zərbələr nəticəsində iki nəfər yaralanıb. Sumı vilayətində isə fövqəladə hallar xidməti üç nəfərin xəsarət aldığını açıqlayıb. Xarkov şəhərinin meri İqor Terexov şəhərə edilən dron hücumu zamanı bir qadının yaralandığını bildirib.
Qeyd olunub ki, Rusiya nəzarətində olan Zaporojye bölgəsində yerləşən məktəb binasına da zərbə endirilib, lakin hadisə zamanı itki qeydə alınmayıb. Müharibə zonasında yayılan məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi “Tu-160” strateji bombardmançı təyyarələrinin Barents və Norveç dənizləri üzərində 16 saatlıq uçuş həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, “MiQ-31” qırıcılarının müşayiəti ilə həyata keçirilən uçuşlar NATO ölkələri Norveç və Finlandiya sərhədlərinə yaxın ərazilərdə baş tutub.