Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Səhiyyə Nazirliyinin yaydığı son hesabatda virusa yoluxanların sayının 282-yə yüksəldiyi bildirilib.
Məlumata əsasən, epidemiya daha çox İturi əyalətində müşahidə olunur. Burada 282 təsdiqlənmiş haldan 264-ü qeydə alınıb. Digər bölgələrdə isə vəziyyət aşağıdakı kimidir:
- Şimali Kivu əyaləti: 15 yoluxma halı;
- Cənubi Kivu əyaləti: 3 yoluxma halı.
Rəsmi statistikaya görə, virus səbəbindən indiyədək 42 nəfər dünyasını dəyişib, 238 nəfərin müalicəsi davam edir, iki nəfər isə sağalaraq xəstəxanadan buraxılıb. Xatırladaq ki, KDR hökuməti mayın 15-də ölkədə Ebola epidemiyasının başladığını elan etmişdi. Mütəxəssislər xəstəliyə səbəb olan amil kimi ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan Bundibugyo virus ştammını göstərirlər.
Daha əvvəlki məlumatlarda ölkə üzrə 1000-dən çox şübhəli yoluxma və təxminən 240 ölüm faktı qeydə alınmışdı. Epidemiya artıq qonşu Uqandaya da sirayət edib və həmin ölkədə də yoluxma və ölüm halları təsdiqlənib.