Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 282-yə yüksəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi yeni hesabat yayıb.
Sənəddə qeyd olunur ki, epidemiya əsasən İturi əyalətində yayılmağa davam edir və burada 282 təsdiqlənmiş yoluxma halından 264-ü qeydə alınıb. Şimali Kivu əyalətində 15, Cənubi Kivu əyalətində isə 3 yoluxma halı təsdiqlənib.
Məlumata görə, indiyədək 42 nəfər həyatını itirib, 238 nəfər müalicə alır, iki nəfər isə sağalıb.
Konqo Demokratik Respublikası hökuməti mayın 15-də Ebola epidemiyasının yayıldığını rəsmi olaraq elan edib. Xəstəliyin səbəbi kimi ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan Bundibugyo virus ştammı göstərilir.
Daha əvvəl ölkədə 1000-dən çox şübhəli yoluxma və təxminən 240 ölüm hadisəsi qeydə alınmışdı. Epidemiya qonşu Uqandaya da yayılıb və burada da yoluxma və ölüm halları təsdiqlənib.