ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə birbaşa əlaqə saxladığını və rəsmi Tehrana bir sıra ciddi çağırışlar etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Tramp bu barədə Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.
Amerika lideri İranla təmasların baş tutduğunu təsdiqləyərək, bu dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəfə iki əsas tələb irəli sürülüb. Birinci şərt İranın nüvə silahı hazırlamaq planlarından tam şəkildə imtina etməsidir. İkinci tələb isə ölkə daxilində etiraz aksiyalarına qarşı qeyri-mütənasib güc tətbiqinin, xüsusilə də ölüm hallarının dayandırılması ilə bağlıdır.
Donald Tramp açıqlamasında regiondakı hərbi vəziyyətə də toxunub. O qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir sıra iri və güclü gəmilər İran istiqamətində hərəkət edir. Prezidentin sözlərinə görə, bu qüvvələrdən istifadə edilməməsi ən arzuolunan ssenari olardı.
Bu bəyanatlar ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyini və Vaşinqtonun Tehran qarşısında sərt mövqeyini qoruduğunu göstərir.