ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Falkland adaları üzərində suverenliyi ilə bağlı Vaşinqtonun mövcud mövqeyini yenidən nəzərdən keçirə biləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ prezidentinin açıqlaması Vaşinqtonun Londonu müdafiə xərclərini artırmağa təşviq etmək məqsədilə Falkland adaları ilə bağlı siyasətini dəyişə biləcəyi barədə xəbərlərin yayılmasından sonra səslənib.
ABŞ-nin yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, Pentaqon NATO müttəfiqlərinin müdafiə xərclərini artırmaqla bağlı öhdəliklərini nəzərdən keçirir. Onun sözlərinə görə, bu prosesdə Böyük Britaniyaya xüsusi əhəmiyyət veriləcək.
Rəsmilər Vaşinqtonun Falkland adaları üzərində Britaniya suverenliyinə dair mövqeyini dəyişməsini Londonu müdafiə xərclərini artırmağa təşviq etmək üçün nəzərdən keçirilən variantlardan biri kimi təqdim ediblər.
Böyük Britaniyanın maliyyə naziri Con Hili isə ölkəsinin müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmaq planını dəstəklədiyini bildirib. Hili bu planla bağlı qərarın yaz aylarında keçiriləcək qiymətləndirmədən sonra açıqlanacağını deyib.
Nazir həmçinin ABŞ-nin Falkland adalarının suverenliyi məsələsində Argentinanın mövqeyini dəstəkləyə biləcəyi barədə iddialardan xəbərdar olmadığını bildirib.
“Falkland adaları Britaniyaya məxsusdur. Ada sakinləri bunu istədikləri müddətdə də Britaniyaya bağlı qalacaqlar”, - Hili vurğulayıb.
Falkland adaları Cənubi Atlantik okeanında yerləşir və uzun illərdir Böyük Britaniya ilə Argentina arasında suverenlik mübahisəsinin predmetidir. 1982-ci ildə iki ölkə arasında adalar uğrunda müharibə baş vermiş, nəticədə Britaniya adalar üzərində nəzarəti qoruyub saxlamışdı.