Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində şəhid Ülfət Babazadənin ailəsinə baş çəkiblər. Ziyarətlə bağlı məlumatı Leyla Əliyeva özünün sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Ülfət Babazadə 2000-ci il yanvarın 28-də Lənkəranın Daştatük kəndində dünyaya gəlib. Vətən müharibəsi dövründə Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhidin göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra aşağıdakı təltiflərə layiq görülüb:
- “Azərbaycan bayrağı” ordeni;
- “Vətən uğrunda” medalı;
- “Cəsur döyüşçü” medalı;
- “Şuşanın azad olunmasına görə” medalı;
- “Xocavəndin azad olunmasına görə” medalı;
- “Kəlbəcərin azad olunmasına görə” medalı.