Dəfn olunan şəxslərin məzarlarının köçürülməsi mümkündürmü? - AÇIQLAMA

Dəfn olunan şəxslərin məzarlarının köçürülməsi mümkündürmü? - AÇIQLAMA
23.08.2024 15:21
Aa
dəq

Bir çox insan doğulduğu yerdə dəfn olunmaq istəyir. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Lakin həyatın elə gözlənilməz planları olur ki, insan öz vətənindən ayrı düşür. Başqa ölkə, başqa şəhər, ya da vətənin ayrı güşəsi, sonra da ölüm... Elə Birinci Qarabağ müharibəsi zamanı keçmiş məcburi köçkünlərin böyük bir qismi öz dədə-baba torpaqlarından uzaq düşərək, torpaq həsrəti ilə öldülər. Bu gün azad olunan torpaqlarımıza qayıdış zamanı onların yaxınları, vəfat edən şəxslərin məzarlarını öz dədə-baba yurdlarına köçürmək istəyirlər.

Bəs bu nə dərəcədə doğrudur? Ümumiyyətlə dində buna icazə varmı? Həm dini, həmdə öz yerli adət ənənələrimizə görə bu caiz hesab olunurmu?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən ilahiyyatçı Rafiq Əliyevin sözlərinə görə, qəbrin bir yerdən başqa yerə köçürülməsi ilə bağlı İslamda ciddi bir məlumat yoxdur:

Rafiq Əliyev 1.6 milyonluq dələduzluq xəbərindən danışdı Yeni Sabah

“Qurani Kərimin özündə də bununla bağlı heç bir məlumat verilməyib. Çünki dinin özünü maraqlandıran insanın ruhudur. Onun fiziki cismi ruh bədəndən çıxdıqdan sonra heç kimə lazım deyil. Məhəmməd Peyğəmbərin dövründə deyirdilər ki, ölüləri basdırmaq lazımdır, amma baş daşı qoymağa ehtiyyac yoxdur. Çünki insan torpaqdan yaranıb, torpağa qayıdıb və torpaqlaşmalıdır. Hətta Mədinədə Məhəmməd Peyğəmbərin qəbrinin üstündə belə baş daşı yoxdur. Orada rəhmətə gedən çox böyük insanların belə baş daşları yoxdur, heç birinin məzarı oradan başqa yerə köçürülməyib və bir çoxunun qəbrinin harada olduğu belə məlum deyil”.

R.Əliyev deyir ki, Azərbaycana gəldikdə isə bir qəbrin başqa yerə köçürülməsi qəbahət hesab olunur. Bununla bağlı belə bir deyim də var: “Gorbagor olasan”. Yəni, bir qəbrdən başqa qəbrə köçürüləsən. Hətta bu məsələ ilə bağlı “Cəhənnəmə get, gora get” atalar sözünü də misal gətirmək olar. Gorla cəhənnəmin mənası isə insanlar üçün təxminən eyni şeyi ifadə edir. Yəni sən qəbrə qoyulduqdan sonra heç bir qiymətin yoxdur. Ümumiyyətlə qəbul olunan qaydalara görə, qəbrin köçürülməsi günah sayılır. Çünki insanın ruhu basdırıldığı qəbrdən 40-cı gün uçur və ruh qəbrə ziyarətə gəlib-gedə bilir. Deyilənlərə görə, vəfat edən şəxsin yaxınları onun məzarını ziyarətə gələndə, əlini qara daşa qoyub söhbət edəndə, həmin şəxsin ruhu şad olur. Bu səbəbdən də İslamda qəbri bir yerdən başqa yerə köçürmək günah hesab olunur.

“Ümumiyyətlə rəhmətə gedən insan üçün bunun heç bir əhəmiyyəti yoxdur, Əksinə ziyanı var. Çünki ruh və basdırılan cism arasında əlaqə kəsilə bilər. Bu da ruhu çox incidə bilər. Amma elə bir şərait olur ki, qəbrləri bir yerdən başqa yerə köçürürlər. Təbii fəlakət və ya müharibə baş verdiyi zaman bu mümkün ola bilər. Ermənilər Qarabağ zonasında qəbiristanlıqları traktorla şumlayıb, orada taxıl, buğda əkiblər. Bizim yaxınlarımızın cəsədinin gübrəsi hesabına bitən buğdadan un hazırlayıb, çörək bişiriblər. Belə bir variant ola bilərdi ki, onların qəbirləri köçürülsün, ruhları incinməsin. Amma bu gün, Azərbaycanın müxtəlif bölgələrində dəfn olunan şəxslərin Qarabağa köçürülməsi düzgün, İslama dininə uyğun deyil və adət-ənənəmizə də ziddir. İnsanlar harada dəfn olunubsa orada da qalmalıdır”.

Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - PROBLEM

İlahiyyatçının fikrincə, bədbəxt hadisə baş verdiyi zaman insan qəflətən ölür. Ruhun bədəndən qəflətən çıxır. Hətta deyirlər ki, belə olduğu zaman həmin hadisə baş verən yerə tez-tez getmək olmaz. Çünki orada hirsli və acıqlı ruhlar var. Yəni insan öləndən və dəfn olunandan sonra onun məzarı mümkün qədər sabit saxlanılmalıdır. Bu həm İslam nöqteyi nəzərindən, həm də insani baxımdan belə qəbul olunub. Burada olan məzarların Qarabağa köçürülməsi istənilirsə, Ermənistanda vaxtı ilə vəfat edən şəxslərin məzarlarının da Azərbaycana köçürülüməsini istənilsin. Bu mümkün və düzgün deyil. Bir və ya iki nəfər şəxsin bunu etməsi, digər şəxslərin də kütləvi şəkildə məzar daşımasına səbəb olacaq. Dinimizdə isə belə bir qayda yoxdur. Sadəcə bəzi istisna səbəblərdən ola bilər. Məsələn, xaricdə vəfat etmiş alimlərimizi, ziyalılarımızın məzarı Azərbaycana köçürülüb və Fəxri xiyabanda dəfn olunub.

"Qəbirlərin daşınması doğru deyil. Harada dəfn olunubsa, orada da qalmalıdır". 

Bu sözləri isə ilahiyyatçı Yaşar Qurbanov saytımıza açıqlaması zamanı bildirib. 

Yaşar Qurbanov - YouTube

Y.Qurbanov deyir ki, dədə-baba yurduna qayıdan şəxslər yaxınlarının məzarlarını özləri ilə daşıya bilməz. Bu dinimizcə doğru deyil. Qəbirləri açmaq, məzarı daşımaq, onların sümüklərini yeni məzarda dəfn etmək  atılacaq ən yanlış addımlardandır. Bu, dəfn olunmuş şəxsə bir növ əziyyətdir. Bəzi zəruri hallarda qəbrin yerini dəyişmək olar:

"Həmin ərazini sel basıbsa, zəlzələ olub, qəbirlər dağılıbsa və ya həmin ərazidə yeni yol salınacaqsa, qəbrin daşınması məcburi hal kimi dəyərləndirilir. Bunlar istisna hallardır. Bu halların xaricində isə qəbrin daşınması və məzarların köçürülməsi caiz deyil. Səbəbsiz yerə qəbirləri sökmək olmaz".

İlahiyyatçının fikrincə, ölən şəxs vəsiyyət etsə belə, onun məzarı açılmamalı və köçürülməməlidir. Çünki edilən hər vəsiyyət yerinə yetirilmir. Çünki səbəb və üzr olmadan qəbri başqa yerə daşımaq doğru deyil.

Digər müsahibimiz ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə bu və buna bənzər suallar uzun müddətdir insanları maraqlandırır.

Faiz alıb-vermək Rəbbə qarşı müharibədir' - Ağa Hacıbəyli

“Onlar fikirləşirlər ki, ölkəmizin fərqli bölgələrində dəfn edilən yaxınlarını Qarabağa köç zamanı öz dədə-baba yurdlarına necə aparacaqlar. Bir qəbrin və ya cənazənin daşınması üçün müəyyən səbəb olmalıdır. Məsələn, qəbrin daşqın və yaxud da sel altında qalma təhlükəsi varsa, qəbri açıb cənazəni daşımaq, başqa yerə köçürmək olar. Qəbrin açılmasına icazə verilən digər səbəb isə bu ola bilər ki, məsələn ağır cinayət törədilib, cənazədə müəyyən ekspertizalar aparılmalıdır, bunun üçün də məzar mütləq açılmalıdır. Məzarın daşınması üçün başqa bir səbəb qəbrin düşmən işğalı altına qalma ehtimalıdır. Bu zaman qəbrin daşınmasına zaman-zaman icazə verilə bilər”.

A.Hacıbəyli deyir ki, vəfat edən şəxslərin yaxınlarına onu demək lazımdır ki, hər dəfn şərii ölçülər ilə gerçəkləşir və bu məsələyə də şərii pəncərədən baxmaq lazımdır. Məzarın daşınması orada yatan insanı böyük əzablara məhkum etmək sayılır. Ona yeni məzar qazımaq, o məzarı açmaq, cənazəni yeni açılan məzara daşımaq - bunların heç bir dinimizcə caiz və doğru deyil. Çünki Uhud savaşında da şəhid olan şəxslərin qəbirləri elə oradaca qazılıb və onlar dəfn olunublar. Bu gün Uhud dağlarına gedən insanlar şəhidlərin qəbrini görür. Əslində bu da tarixin bir parçasıdır. Və gələcək nəslə nümunə olacaq ki, ermənilər torpaqlarımızı işğal etdikləri zaman onların ulu babaları bu yerlərdə dəfn olunub. Bu da bizə tarixi xatırladır. Həm də məzarlara toxunmaq tarixi baxımdan da doğru deyil.

Digər müsahibimiz ilahiyyatçı Hacı Fuad Nurullayev bildirib ki, dinimizdə bir müsəlman dəfn olunarsa, onun dəfn olunduğu yerdən çıxarılaraq başqa yerə aparılması müəyyən hallar daxilində caizdir:

Bakupost.az - "Borcu olan insanlar qurban kəsməsin" - Hacı Fuad

“Bu şərtlər olmasa, dəfn olunmuş insanın qəbrini açmaq və başqa yerə köçürmək olmaz. Bəs bu, hansı şərtlər daxilində mümkün ola bilər? Məsələn, müsəlman, qeyri-müsəlman ölkəsində və ya müsəlman qəbiristanlığı olmayan yerdə dəfn edilibsə, bu zaman cənazənin oradan çıxarılması mümkündür. Məzarın daşınması üçün digər səbəb isə budur ki, məsələn cənazə elə bir yerdə dəfn olunub ki, həmin yer strateji əhəmiyyət daşıyır, orada yol çəkəcəklər, körpü salacaqlar. Bu şərt müqabilində həmin insanların məzarları başqa yerə köçürülə bilər. Bəzi ölkələrdə müəyyən şərtlər var. Məsələn, Avropa və ya Amerikada vəfat edən və dəfn olunan insanların 20 ildən tez olmamaq şərti ilə qəbrinin köçürülməsinə icazə verilmir”.

İlahiyyatçı deyir ki, Qarabağ işğaldan azad olunub və məcburi köçkünlər həmin torpaqlara köçürülür. Onların istəkləri isə budur ki, vəfat edən yaxınlarını işğaldan azad olunan torpaqlarda dəfn etsinlər. Bunun üçün müəyyən təşəbbüs edib, bizə suallar ünvanlayırlar. Biz isə onlara İslam dinində buna icazə verilmədiyini bildiririk. Onların məzarlarının həmin dəfn olunan yerdən götürülüb, azad olmuş ərazilərə aparılması İslam dininin tələblərinə uyğun deyil və bunu etmək olmaz. Kimsə bunu etsə, dəfn olunanların ruhuna hörmətsizlik etmiş olar.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA

Qarabağ və Şərqi Zəngəzurda daha bir universitet yaradıla bilər - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?
DAVAMIN OXU davamın oxu

"Antiterror əməliyyatından sonra bölgədə vəziyyət stabildir" - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu