İndoneziyanın Qərbi Cava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində insan itkilərinin sayı artmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Antara" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatları zamanı daha bir neçə nəfərin meyiti tapılıb.
Bandunq Axtarış və Xilasetmə Ofisinin rəhbəri Ade Dian Permana bildirib ki, təbii fəlakət ümumilikdə 158 nəfərə təsir edib.
Onlardan 78-i xilas edilsə də, həyatını itirənlərin sayı 70-ə yüksəlib. Hazırda 10 nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Qeyd edək ki, hadisə yanvarın 24-də günlərlə davam edən intensiv yağışlardan sonra baş verib. Təxminən 230 sakin təhlükəsiz bölgələrdəki müvəqqəti sığınacaqlara təxliyə edilib. Bəzi yaşayış məntəqələri tamamilə torpaq qatının altında qalıb.
Rəsmilər bölgədə yeni torpaq sürüşmələri riskinin qaldığını və buna qarşı zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıblar.