Braziliyanın Rio-de-Janeyro ştatında turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 10 nəfər həyatını itirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza yerli vaxtla səhər saat 04:30 radələrində Petropolis şəhəri yaxınlığındakı dağlıq ərazidə baş verib.
İlkin məlumata əsasən, turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Qəza yerinə xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. İlkin mərhələdə 8 nəfərin hadisə yerində öldüyü müəyyənləşdirilib.
Xəstəxanaya çatdırılan yaralılardan daha 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Braziliya Federal Yol Polisinin məlumatına görə, avtobus Minas-Jerays ştatının paytaxtı Belo-Orizontedən yola düşüb və Rio-de-Janeyro şəhərinin çimərliklərinə doğru hərəkət edib.
Qəzadan sonra magistral yol təxminən 4 saat ərzində nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hazırda hüquq-mühafizə orqanları qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.