Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclası çərçivəsində genişmiqyaslı əməkdaşlıq sənədi imzalanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd nəqliyyat, energetika, su resursları, mədəniyyət və sosial sahələr daxil olmaqla, ümumilikdə 10 mühüm sektoru əhatə edir.
Memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadiq imzalayıblar.
Razılaşma çərçivəsində tərəflər aşağıdakı istiqamətlər üzrə fəaliyyətlərini genişləndirmək barədə razılığa gəliblər:
- Nəqliyyat: Avtomobil daşımaları, sərhəd idarəçiliyi və dəmir yolu əlaqələrinin inkişafı;
- Energetika: Neft blokları üzrə birgə işçi qrupunun yaradılması və fəaliyyətin koordinasiyası;
- Elektrik enerjisi: Azərbaycan, İran və Rusiya enerji sistemlərinin birləşdirilməsi, həmçinin Azərbaycan elektrik enerjisinin İrana ixracı;
- Digər sahələr: Kənd təsərrüfatı, gömrük, sənaye, investisiya, turizm, idman və gənclər siyasəti.
Görüş zamanı həmçinin infrastruktur layihələrinin sürətləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması məsələləri də diqqət mərkəzində olub.