Azərbaycanda investisiya mühitini tənzimləyən qanunvericiliyə mühüm dəyişiklik təklif olunur. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, investisiyanın dövlət tərəfindən alınmasının yeni mexanizmi formalaşdırılır.
Hazırkı qanunvericiliyə görə, investisiyalar yalnız iki halda – dövlət ehtiyacları üçün və ya rekvizisiya məqsədilə (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar zamanı) alına bilər. Hər iki halda investora qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənilir.
Təklif olunan yeni dəyişiklik isə investisiyanın dövlət tərəfindən alınması üçün üçüncü bir əsas yaradır. Bu, xüsusilə strateji əhəmiyyətə malik investisiyalara şamil olunacaq.
Dəyişikliyin əsas məqsədi Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran, eləcə də milli maraqlara zidd olan müstəsna halların qarşısını almaqdır.
Yeni qanun layihəsi bu prosesin hüquqi bazasını formalaşdırır. Qeyd olunan məqsədlə investisiyaların alınması ümumi qaydada həyata keçiriləcək, yəni investorlara mütləq şəkildə kompensasiya ödənilməsi təmin ediləcək.
Proses tam olaraq Azərbaycan qanunları çərçivəsində tənzimlənəcək.