Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir çox bölgələrində gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə rəsmi məlumatı Milli Hidrometeorologiya Xidməti verib.
Məlumata görə, sarı xəbərdarlıq tətbiq edilən bölgələrdə (Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustan) şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha təhlükəli hava şəraiti isə narıncı xəbərdarlıq verilən ərazilərdə gözlənilir. Bakıda və Abşeron yarımadasında, həmçinin Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda şimal-qərb küləyinin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.