İspaniyanın “Atletiko” klubu özünün aparıcı hücumçusu Xulian Alvaresin “Barselona”ya keçidinə qəti şəkildə qarşı çıxır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi La Liqadakı birbaşa rəqibini gücləndirmək niyyətində deyil.
“Matrasçılar” ləqəbli klub argentinalı forvardı satmaq üçün fərqli istiqamət müəyyən edib.
Məlumata görə, Madrid klubu futbolçu ilə yaxından maraqlanan İngiltərənin “Arsenal” klubu ilə danışıqlara başlamağa hazırdır.
“Atletiko” bu transferdən 40-60 milyon avro gəlir əldə etməklə yanaşı, “topçular”ın heyətində çıxış edən mərkəz hücumçusu Viktor Dyökereşin transfer hüquqlarını da əldə etməyi planlaşdırır.
Qeyd edək ki, 26 yaşlı Xulian Alvaresin hazırkı bazar dəyəri 100 milyon avro civarında qiymətləndirilir.
Futbolçunun Madrid klubu ilə olan hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.