Ermənistan parlamentinin spikeri Ruben Rubinyan qanunverici orqanda hakimiyyət və müxalifət arasında aqressiv ritorikanın və siyasi marjinallaşmanın qarşısının alınmasının vacibliyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rubinyan bu fikirləri müxalifətçi deputat Edqar Kazaryanın iştirakı ilə baş verən son insidenti şərh edərkən səsləndirib.
Rubinyanın sözlərinə görə, cəmiyyətdə müxalifətdən müəyyən davranış gözləntiləri formalaşıb və bu, siyasi diskursu daha da çətinləşdirir.
Spiker müxalifət qüvvələrinin uzun müddətdir siyasi imiclərini aqressiya və təhqirlər üzərində qurduğunu iddia edib.
“Müxalifət, o cümlədən parlamentdən kənarda qalan qüvvələr aqressiyadan və təhqirlərdən bəhrələnir. Onlar öz seçicilərinə də radikal davranışı aşılayırlar. Belə bir mühitdə opponentlərdən üzr istəmək fikri belə, bəziləri üçün qəbuledilməz görünür”, – deyə Rubinyan bildirib.
Spiker hakim “Vətəndaş Müqaviləsi” partiyasının bu məsələyə yanaşmasının fərqli olduğunu qeyd edib.
Rubinyan qarşılıqlı aqressiyanın davam etdirilməsinin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi müxalifət deputatları parlament zalında iş üslublarının düzgün olmadığını anlasalar da, sonradan geri addım atmağın çətin olduğunu düşünürlər.
“Başqalarını alçaq adlandıran bir şəxs necə üzr istəyə bilər?” – deyə spiker bildirib.