Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində silahlı insident qeydə alınıb. İrandan Azərbaycan istiqamətinə keçməyə cəhd edən 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DSX-dən məlumat verilib.
Məlumata görə, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb və ərazidə zəruri qabaqlayıcı tədbirlər görülüb.
Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Onlar havanın qaranlıq və ərazinin meşəlik olmasından istifadə edərək, üzərilərindəki bağlamaları atıb geriyə qaçıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə müqabil tərəf məlumatlandırılıb və fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.