“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, insayder Anar İbrahimovun yaydığı məlumata görə, 30 yaşlı futbolçunun xidmətində İngiltərənin 3 klubu maraqlıdır.
Məlumata görə, Qolovinlə maraqlanan klublar arasında bu mövsüm Premyer Liqaya yüksələn və baş məşqçi postunda Frenk Lempardın çalışdığı “Koventri” də yer alır. Futbolçunun İngiltərəyə keçid ehtimalı yüksək qiymətləndirilsə də, transferə mane ola biləcək bəzi amillərin olduğu bildirilir.
Qeyd edək ki, bir neçə il əvvəl “Nyukasl” da Qolovini heyətinə qatmağa çalışıb. Lakin futbolçu həmin vaxt İngiltərə klubunun təklifini qəbul etməyib.
Hazırda isə vəziyyətin dəyişdiyi bildirilir. Avqustun əvvəlində Qolovinin agenti futbolçunun yeni çağırışlara hazır olduğunu və bir neçə klubla danışıqlar apardığını açıqlayıb.
Bundan əlavə, avqustun 9-da “Monako”nun “Liverpul”la keçirdiyi yoxlama oyununda Qolovin fərqlənib. Qarşılaşma Fransa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında danışıqların yaxın günlərdə daha konkret mərhələyə keçəcəyi gözlənilir.