ABŞ Prezidenti Donald Trump administrasiyası miqrantların sığınacaq müraciətlərinə dair yeni qaydalar hazırlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni qaydalar miqrasiya xidmətlərinə bəzi müraciətləri ərizəçilərlə müsahibə keçirmədən rədd etmək səlahiyyəti verə bilər.
Məlumata görə, layihəyə əsasən, "U.S. Citizenship and Immigration Services" (USCIS) əməkdaşları ölkəyə girişdən bir ildən çox müddət sonra təqdim edilmiş sığınacaq müraciətlərini, qanunla nəzərdə tutulan istisnaları təsdiqləyən sənədlər olmadıqda, baxılmadan rədd edə biləcəklər.
Belə hallarda müraciət sahibləri deportasiya proseduru çərçivəsində immiqrasiya məhkəməsinə yönləndiriləcəklər.
Məlumatda qeyd olunur ki, yeni tədbirlər Tramp administrasiyasının sığınacaq sisteminə çıxışı məhdudlaşdırmağa yönəlmiş siyasətinin tərkib hissəsidir.
USCIS nümayəndələri hazırda baxılmamış 1 milyondan çox sığınacaq müraciətinin sayını azaltmaq üçün müxtəlif variantları nəzərdən keçirdiklərini bildiriblər.
Hüquq müdafiəçiləri isə yeni qaydaların sığınacaq axtaran şəxslərin sənədləri niyə gec təqdim etdiklərini izah etmək imkanlarını məhdudlaşdıra biləcəyindən narahat olduqlarını bildiriblər.