Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı məlumata görə, Vaşinqtondan qayıdarkən baş tutan söhbət zamanı o, ABŞ-də, o cümlədən Ağ Ev və Senatda keçirdiyi görüşlərin nəticələri barədə Makronu məlumatlandırıb.
Bildirilib ki, tərəflər Ukraynada sülhə nail olunması istiqamətində diplomatik səyləri və gələcək addımların koordinasiyasını müzakirə ediblər. Zelenski Fransanın Ukraynaya göstərdiyi dəstəyə görə Emmanuel Makrona təşəkkür edib.
Məlumata görə, telefon danışığında Fransada davam edən meşə yanğınları da müzakirə olunub. Ukrayna Prezidenti Fransaya yanğınsöndürmə işlərində kömək təklif edərək, ukraynalı mütəxəssislərin zərurət yaranacağı təqdirdə əməliyyatlara qoşula biləcəyini bildirib.
Qeyd olunub ki, söhbət zamanı qarşıdan gələn qış mövsümünə hazırlıq, Ukraynanın enerji sisteminin mühafizəsi və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.