Azərbaycanda fevralın 2-də gözlənilən hava şəraiti ilə bağlı rəsmi proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, vaxtaşırı tutulacaq, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–5°, gündüz 7–10° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm-ə yüksələcək. Nisbi rütubət gecə saatlarında 75–85%, gündüz isə 60–70% olacaq.
Regionlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz bəzi ərazilərdə yağıntı, dağlıq rayonlarda isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə arabir duman, qərb küləyinin isə bəzi ərazilərdə güclənəcəyi bildirilir.
Rayonlarda havanın temperaturu gecə 3–8°, gündüz 12–17° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5–10° isti olacaq.