Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) anti-Rusiya istiqamətli “müdriklər qrupu” yaratmaq təşəbbüsünün dayandırılmasını ironik şəkildə şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zaxarova bu barədə “RIA Novosti” agentliyinə açıqlamasında bildirib.
Mariya Zaxarova Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın təşəbbüsdə iştirakını tənqid edib.
Rusiya XİN rəsmisi Kallasın olduğu bir mühitdə “müdriklikdən” danışmağın yersiz olduğunu bildirib.
Qeyd edək ki, Kaya Kallas ABŞ-nin dəyişən mövqeyi fonunda Avropanın müdafiə strategiyasının hazırlanması məqsədilə keçmiş siyasi və hərbi liderlərdən ibarət yüksək səviyyəli məsləhətçi qrup yaradılması planını açıqlamışdı.
Qrupun tərkibinə Aİ ölkələri ilə yanaşı, Böyük Britaniya və Ukraynadan nüfuzlu şəxslərin daxil edilməsi nəzərdə tutulurdu.
Kallasın sözlərinə görə, qrup rəsmi Aİ institutlarının açıq şəkildə müzakirə edə bilmədiyi məsələləri nəzərdən keçirməli idi.
Lakin Avropa müdafiə siyasəti üzrə məsləhətçi qrupun yaradılması təşəbbüsü Aİ daxilində ciddi etirazlarla qarşılaşıb.
Paris, Berlin və Roma da daxil olmaqla bir sıra əsas Avropa paytaxtlarının etirazlarından sonra təşəbbüs elan edildikdən cəmi bir neçə gün sonra dayandırılıb.