Cənubi Koreyanın müdafiə naziri Ahn Şimali Koreyanın nüvə arsenalı ilə bağlı diqqətçəkən açıqlama verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, nazir parlamentdə keçirilən iclas zamanı Pxenyanın nüvə silahlarının sayı ilə bağlı sualları cavablandırıb.
Ahn bildirib ki, kəşfiyyat məlumatları və müstəqil qurumların qiymətləndirmələrinə əsasən, Şimali Koreyanın arsenalında 80-120 arasında nüvə başlığı ola bilər.
Bununla belə, nazir bu rəqəmlərin dəqiq olmadığını və yalnız təxminlərə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, Şimali Koreyanın nüvə arsenalının dəqiq sayını rəsmi şəkildə təsdiqləmək mümkün deyil.
Cənubi Koreyanın müdafiə naziri ABŞ və Cənubi Koreyanın kəşfiyyat məlumatları arasında müəyyən fərqlərin olduğunu da etiraf edib.
Müxalifət deputatının Seulun Şimali Koreyanı nüvə dövləti kimi qəbul edib-etmədiyi ilə bağlı sualını cavablandıran Ahn bildirib ki, Cənubi Koreya bunu heç vaxt rəsmi şəkildə qəbul edə bilməz.
Qeyd edək ki, Cənubi Koreya hökuməti Koreya yarımadasının nüvəsizləşdirilməsi siyasətini dəstəkləyir və Pxenyanı nüvə silahına malik dövlət kimi tanımır.
Şimali Koreyanın nüvə arsenalı ilə bağlı 80-120 aralığında rəqəmlərin səsləndirilməsi isə Seul rəsmilərinin bu mövzuda nadir hallarda belə konkret qiymətləndirmə təqdim etməsi baxımından diqqət çəkib.