"Xaricdə təhsil üzrə dövlət proqramında ciddi rəqabət var"- MÜSAHİBƏ

"Xaricdə təhsil üzrə dövlət proqramında ciddi rəqabət var"- MÜSAHİBƏ
07.04.2023 15:00
Aa
dəq

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Fəlsəfə doktoru, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində xaricdə təhsil üzrə dövlət proqramında ciddi rəqabətin olduğunu bildirib. Müsahibəni təqdim edirik:

1. Qəbul edilmiş qərara əsasən 2022-2026-cı il üzrə gənclər xaricdə dövlət proqramı üzrə həm bakalavr, həm də magistr təhsili ala bilərlər. Bu proqramın əsas məqsədi nədir? 

“Bu proqramı Azərbaycan Respublikasında xaricdə gənclərin təhsil alması ilə bağlı 2-ci dövlət  proqramıdır. 1-ci dövlət proqramı uğurla reallaşdı və bizim 3 mindən çox gəncimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə, bakalavr pilləsində təhsil almağa göndərildilər. 1-ci dövlət proqramını hazırlayan işçi qrupunun üzvü olmuşam. Xatırlayıram ki, bu, birinci təcrübə idi və universitetləri seçərkən ən yaxşı, qabaqcıl təhsil müəssisələrini seçirdik. Həm də ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisasları müəyyənləşdirirdik. Və artıq 2-ci proqram reallaşıb. 2022-2026-cı illər üzrə xaricdə gənclərin təhsili ilə bağlı dövlət proqramı ilə əvvəlki 1-ci proqramda fərqlər var. 1-ci proqramda ancaq böyük əksəriyyət üzrə gənclər bakalavr təhsili alırdısa, 2-ci proqramda daha çox magistr təhsili almaq şansı yaranıb. Bu, həm də ondan irəli gəlir ki, təhsilin ardıcıllığını təmin etmək məqsədi ilə xüsusilə də 1-ci dövlət proqramından yararlanmış gənclər üçün sadəcə əlavə bir imkandır. Təbii ki proqramın məqsədi ölkənin kadr potensialını yüksəltmək və cənab prezidentin dediyi kimi neft kapitalını insan kapitalına çevirmək məqsədi daşıyır. Bu proqramın müəllifi təbii ki, ölkəmizin Prezidenti İlham Əliyevdir. Həm də fürsətdən istifadə edərək bu cür məqsədli və ölkəmizin gələcəyinə hədəflənmiş dövlət proqramı üzrə müvafiq qərar qəbul etdiyinə görə Cənab Prezidentə təşəkkür edirəm”.

2. Dövlət proqramının müsbət və mənfi tərəfləri nələrdir? 

“Dövlət proqramının müsbət tərəflərini təbii ki, birmənalı olaraq yüksək dəyərləndirirəm və mən bunun mənfi tərəflərinin olduğunu deməzdim. Bu neftdən əldə olunmuş gəlirlərin insan kapitalına çevrilməsinə hədəflənib və əlbəttə ki, savadlı, bilikli, bacarıqlı kadrlar ölkənin firavan gələcəyini təmin edəcəklər. Bu proramın məqsədlərindən biri həm də ondan ibarətdir ki, savadlı gənclər yetişsin, onlar gəlib Azərbaycanın idarəçiliyində müxtəlif strukturlarda dövlət qurumlarında çalışsınlar, işləsinlər, xaricdə əldə etdikləri bilikləri ölkəmizin gələcəyinə yönəltsinlər. Təbii ki, bunun digər müsbət tərəfi ondan ibarətdir ki, bu gənclər Azərbaycan dövlətinin və Dövlət Neft Fondunun vəsaiti hesabına təhsil alırlar. Onlar hər zaman üzərlərindəki məsuliyyəti başa düşürlər. Onların təhsil almasında əslində dövlətin vəsaiti durur və eyni zamanda bu ölkənin neftçisindən, həkimindən, müəllmindən, sadə vətəndaşından tutmuş hər bir şəxsin onların təhsil almasında böyük haqqı var. Çünki o neft fondunun pulları dövlətin və xalqın pullarıdır və o pullardan bu gün məqsədli şəkildə istifadə olunursa, təbii ki, bu gənclər bir ömür boyu bu xalqa və dövlət başçısına minnətdar olmalıdırlar. Mən hesab edirəm ki, onlar bu məsuliyyəti başa düşürlər. Ona görə də bu gənclərin birmənalı missiyası dövlətə vətənə xalqa xidmət etməkdən ibarət olmalıdır. Əlbətdəki bu proqramı səciyyələndirən ən müsbət tərəflərdən biridir”.

3. Tələbələrin çoxu dövlət proqramının şərtlərinin çətinliyindən və qəliz olmasından şikayət edirlər. Sizcə bu şərtlər tələbələrə mi qəliz gəlir? Ya həqiqətən də belədir mi? 

“Tələbələrin çoxunun dövlət proqramının çətinliyindən və qəlizliyindən şikayətlənmələrini mən deməzdim. Şərtlər çətindir, ağırdır təbii ki. Xaricdə təhsil almağa göndərilən gənclər seçilərkən ən yaxşıları seçilməli və daha çox potensialı olan gənclər getməlidir. Mən əslində deməzdim ki, bu proqramın şərtləri çətin və ağırdır. Burada ağırlıqdan söhbət getmir, burada yalnız proqramın kifayət qədər ciddiliyindən söhbət gedir. Yəni bu proqram məqsədli proqramdır. Əlbəttə ki, o tələbləri qarşılıyan hər bir gənc üçün bu proqram açıqdır və bu imkanlardan yararlana bilərlər. Təbii ki, seçim əsasında gənclər müəyyənləşdirilir və göndərilir. Burada ciddi rəqabət mühiti var. Qeyd etdiyim kimi, ən yaxşılarının da ən yaxşıları seçilir. Bu baxımdan da ola bilər ki, kimlərsə bu proqramdan istifadə edə bilmirlər deyə, belə şikayətlənirlər. Amma, əsas odur ki, gənclər savadlı, bilikli, istedadlı olsunlar və əminəm onlar bu proqramdan yararlanma imkanı əldə edəcəklər”.

4. Xaricdə təhsil almış 30 tələbənin diplomu tanınmayıb. Buna əsas səbəb nədir və niyə tanınmır?

“Xaricdə təhsil almış 30 tələbənin diplomunun tanınmaması ilə bağlı deyim ki, əslində xaricdə təhsil almış təkcə 30 tələbənin deyil, xeyli sayda bizim məzun olub, xaricdə təhsil alıb, amma diplomları tanınmayıb. Əslində bu təhsil almış sözünü dırnaq içərisində səsləndirmək istəyirəm. Çünki, burada səbəb nədir? Səbəb odur ki, bu gənclər müxtəlif iş adamları tərəfindən xaricdə təhsil adı altında yaradılan şirkətlərin, insanların etibarından sui-istifadə edən şəxslərin qurbanlarıdır. Əlbəttə ki, mən düşünürəm ki, əslində dövlət həmin o şirkətlərin fəaliyyətini monitorinq etməlidir. Onlar daha çox Ukraynaya, Gürcüstana, Rusiyaya təhsil adı ilə göndərilənlərdir və bir anlıq təsəvvür edin ki, Dövlət İmtahan Mərkəzinin imtahan keçirdiyi buraxılış və qəbul imtahanlarında olub 40, 50 bal yığan gənclər, hansıki onlar Azərbaycanda belə ən aşağı keçid balı olan universitetə qəbul ola bilmirlər. Amma onların valideyinləri də bilir ki, bu gənclərin kifayət qədər bilik və bacarıqları yoxdur. Hətta bunu abituriyentlərin özləridə bilirlər. Düşünürlər ki, onlara müəyyən vədlər verən şirkətlər var, biz gedib 4 il müddətində oxuyacağıq və geri qayıdanda diplomumuz tanınacaq.

Əlbəttə, mən düşünürəm ki, diplomun tanınması ilə bağlı məsələlər və şərtlər daha ciddi olmalıdır. Hətta indikindən də daha ciddi olmasının tərəfdarıyam. Bu xaricdə aldıqları diplomun təsdiqinə imtina alan gəncləri əslində qruplara bölmək olar. Bu baxımdan ki, bir çoxları oxuduqları ölkələrdə, həmin ölkənin dilində - məsələn, Ukrayna dilində, rus dilində və ya gürcü dilində təhsil alıb, amma, bu dildə danışa və ya elementar suallara cavab verə bilmir. Əslində Gürcüstanda həmçinin dünyanın çox universitetlərində qiyabi təhsil sistemi artıq yoxdur. Şəxs götürür sənədlərini təqdim edir və məlum olur ki, o, qiyabi oxuyub. Hansı ki, həmin ölkədə qiyabi təhsil artıq 20 ildən çoxdur ki yoxdur. Deməli, diplom saxtadır.

Digər imtina səbəblərindən biri, universitetin öz fəaliyyət göstərdiyi ölkəsində qanunauyğun universitet olmaması və tanımayan qurum olmasıdır. Burada xeyli səbəblər var. Digər bir səbəb isə, sərhəd buraxılış məntəqələrindən keçməyənlərdir. Hansı ki, onlar tələbədilərsə, bəlli bir müddətdə onlar xaricdə olmalıdılar və həmin tələblərə riayyət olunmayıb.

Azərbaycanda bu prosesi həyata keçirən qurum Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminant Agentliyidir. Bu agentlikdə çalışanların özləri zamanında xaricdə təhsil almış şəxslərdir. Yəni bu şəxslər prosesin içində olublar və kifayət qədər şəffaf bir yanaşma var. Mən açığı deyim ki, agentliyin işinə çox yaxından bələdəm. Bizə də, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya da diplomların tanınması ilə bağlı çox şikayətlər olunur. Biz onları araşdıranda görürük ki, həqiqətən də qeyd etdiyim səbəblərdən onlara imtina verilib.

Mən bir məsələyədə toxunum ki, agentlikdə kifayət qədər şəffaflıq var. Və bu şəffaflıq səbəbindən də təbii ki, insanlar bəzən, düşünürlər ki, biz 4 ildən sonra gəlib hansısa bir vasitələrlə diplomumuzu təsdiqlədə bilərik. Amma bunların keçərli olmadıqlarını görəndə narazılıqları ifadə olunur. Təxminən bir neçə ay bundan öncə xaricdə təhsil almış məzunların diplomunun tanınması ilə bağlı Nazirlər Kabinetinin müvafiq təsdiq olunmuş qaydaları qüvvəyə mindi. Martın 1-dən artıq yeni qaydalar çərçivəsində bu prosesler həyata keçirilir.

Həm də bir məqama mən toxunum ki, xaricdə təhsil alıb diplomu təsdiq olmayan gənclərin bir qismi distant yolla təhsil alıblar. Mən fikirləşirəm ki, distant təhsil müasir rəqəmsallaşma dövründə təhsilin bir növü kimi tanınmalıdır. Agentliyin bu formatda təhsil almış şəxslərə imtinasının səbəbində agentliyin fəaliyyəti dayanmır. Milli Məclisdə qanun layihəsi artıq təsdiq olunub və mən düşünürəm ki, bu qanun layihəsində distant yolla təhsilə münasibət dəyişilməlidir. Əslində distant təhsil XXI-ci əsrin təhsil formalarından biridir və onların diplomlarının tanınması hesab edirəm ki, olduqca faydalı ola bilər. Digər prosedurlar mütləq şəkildə olmalıdır. Tələbə hansı universitetdən diplom alıb, hansı biliklərə sahiblənib və eyni zamanda onların biliyinin qiymətləndirilməsini burada həyata keçirmək olar.

Bir qismin imtina səbəblərindən biri də odur ki, bir məzun bakalavr təhsilini ayrı, magistr təhsilini isə tamam ayrı ixtisaslar üzrə alıb. İndi artıq bu da aradan qalxıb. Zamanında imtina almış məzunlar yenidən müraciət edə bilərlər. Amma onların bilikləri və savadları yerində olsun. Eyni zamanda qoyulan tələblərə əməl etmiş olsunlar. Ümumiyyətlə dövlət proqramı əsasında xaricdə təhsil almış tələbələr arasında heç bir problem yoxdur.

Həm də dövlət proqramı ilə təhsil təkcə prezidentin qəbul etdiyi proqramla deyil, eyni zamanda hökümətlərarası proqramlar var. Azərbaycan höküməti ilə hər hansı bir ölkənin höküməti arasında imzalanmış mübadilə proqramlarıdır. Bu yolla da kifayət qədər gənclərimiz təhsil alır. Eyni zamanda indiyə qədər digər dövlət proqramlarında təqaüd qazanmış tələbələr arasındada heç bir problem yoxdur və olmayıb. Və mən diplomun tanınmasında münasibətə həqiqətəndə sərtləşmənin tərəfdarlarından biriyəm. Və fikirləşirəm ki, bu cür savadsız, yalnız bir balaca kağız parçası ilə Azərbaycana gəlib, bu cəmiyyətdə işləmək istəyən insanlara yer olmamalıdır”.

Mədinə Useynova

 

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu