Fransanın şərqində yerləşən Burguan-Jalyö şəhərində kolleksiya kartları üzrə ixtisaslaşmış mağazaya basqın edən oğruların təxminən 80 min avro dəyərində "Pokemon" kartı apardığı bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Mağaza rəhbəri hadisənin səhər saat 04:00 radələrində baş verdiyini deyib.
Onun sözlərinə görə, üzləri maskalı dörd nəfər mağazanın əsas giriş qapısını sındıraraq içəri daxil olub.
“Smogtrade” adlı mağazadan yüzlərlə kart oğurlayan şəxslər həyəcan siqnalının işə düşməsindən sonra avtomobillə hadisə yerindən qaçıblar.
Oğurlanan məhsulların demək olar ki, hamısının Yaponiyanın məşhur "Pokemon"aaid kolleksiya kartları olduğu qeyd edilib.
Qeyd edək ki, son illərdə kolleksiyaçılar arasında yüksək qiymətlərə satılan Pokémon kartları Fransada və dünyanın müxtəlif ölkələrində oğurluqların hədəfinə çevrilib.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində təxminən 100 min avro dəyərində on minlərlə "Pokemon" kartını oğurlayan üç nəfər həbs cəzasına məhkum edilmişdi.
Ötən ilin yanvarında isə İngiltərədəki ixtisaslaşmış mağazalardan birindən təxminən 87 min avro dəyərində kolleksiya kartları oğurlanmışdı.
Bundan bir ay sonra nadir" Pokemon" kartlarından biri olan "Pikachu" kartı hərracda 14,3 milyon avroya satılaraq rekord müəyyənləşdirmişdi.