Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bölgələrin əksəriyyətinə qar yağır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti martın 2-si saat 10:00-a olan faktiki hava məlumatını açıqlayıb.
Qarın hündürlüyü ən çox Şahbuzda qeydə alınıb – 37 sm. Kişçayda (Şəki) bu göstərici 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq və Qrızda isə 24 sm təşkil edir.
Digər dağlıq və dağətəyi rayonlarda qar örtüyünün hündürlüyü belədir: Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar və Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15 sm.
Həmçinin Şuşada 12, Xaltanda 11, Göygöl və Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 sm qar müşahidə olunub.
Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8 mm olub. Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naxçıvan və digər bölgələrdə isə yağıntı 5 mm təşkil edib.
Hazırda Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki və digər ərazilərdə duman müşahidə olunur, yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır.