İspaniya Mülki Qvardiyası Şimali Afrikada yerləşən və Mərakeşlə sərhəddə olan Melilya muxtar şəhərinin cənub dalğaqıranında yeni dəniz maneəsinin quraşdırılmasına başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Mülki Qvardiya qurğunun quraşdırılmasının bir neçə mərhələdə həyata keçiriləcəyini bildirib. Bu səbəbdən işlərin nə vaxt başa çatacağı hələlik açıqlanmayıb.
Qərar İspaniyanın digər muxtar şəhəri Seutada yaşanan miqrasiya böhranı fonunda qəbul edilib.
Şəhərdə də Mərakeşdən gələn qeyri-qanuni miqrantların qarşısını almaq məqsədilə dəniz maneəsi quraşdırılıb.
Məlumat üçün bildirək ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşlə Seutanı ayıran dalğaqıranı keçərək həm üzməklə, həm də piyada şəhərə daxil olub.
Miqrasiya böhranının dərinləşməsi fonunda İspaniya hökuməti Seutada təhlükəsizliyin təmin olunmasına dəstək vermək üçün hərbçiləri də əraziyə cəlb edib.
Melilyada yeni dəniz maneəsinin quraşdırılması ilə İspaniya hökuməti sərhəd təhlükəsizliyini gücləndirməyi və mümkün qeyri-qanuni keçidlərin qarşısını almağı hədəfləyir.