Xırdalan şəhərində yeni istifadəyə verilməsi nəzərdə tutulan "Baku Electronics" mağazasının qarşısında aparılan tikinti işləri sakinlərin və piyadaların ciddi narazılığına səbəb olub.
“Operativ Məlumat Mərkəzi – OMM”-in qaynar xəttinə daxil olan videoçəkilişlərdə mağazanın giriş hissəsində yeni pilləkənin inşa edildiyi və bunun nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunduğu aydın görünür.
Bildirilir ki, obyektin kənarlarında artıq iki pilləkən mövcuddur. Əlavə üçüncü pilləkənin tikilməsi isə piyada keçidini daha da daraldaraq xüsusilə yaşlıların, uşaq arabası ilə hərəkət edən valideynlərin və fiziki məhdudiyyətli şəxslərin gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Məsələ ilə bağlı "Baku Electronics"in mətbuat xidmətinə sorğu ünvanladıq. Şirkətdən aparılan tikinti işlərinin hüquqi əsasları, müvafiq icazələrin mövcudluğu və əlavə pilləkənin tikilmə zərurəti barədə açıqlama istədik.
Lakin şirkətin əməkdaşı Nigar Zeynalova açıqlamasında hazırda məzuniyyətdə olduğunu bəhanə edərək sualları cavablandırmaqdan imtina etdi. Məsələ ilə bağlı digər səlahiyyətli şəxsin əlaqə nömrəsini təqdim etmək xahiş edildikdə isə şirkət nümayəndəsi narazılıq edərək sorğuya cavab verilməyəcəyini qeyd etdi.
Bununla kifayətlənməyərək, piyada səkisinin zəbt edilməsi ilə bağlı iddiaların və aparılan tikinti işlərinin hüquqi tərəflərinin araşdırılması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə də rəsmi sorğu ünvanladıq.
Bildirildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında mövcud qeyri-yaşayış sahəsinə və zirzəmi sahəsinə pilləkən qəfəsinin quraşdırılması ilə bağlı müraciət əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanında şəxsi mülkiyyətdə olan torpaq sahəsində yerləşən mövcud yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış və zirzəmi sahələrinə giriş üçün mövcud olan xarici pilləkən qəfəsinin quraşdırılmasına cəhdlər olunmuşdur. Vətəndaşa bununla bağlı aidiyyəti qurumlarla qanunvericiliyə uyğun qaydada razılaşdırılmaqla yenidən qurulmasınının mümkün olduğu bildirilmişdir.