Hindistanın Maharaştra ştatında ağır aviasiya qəzası baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Baş nazirinin müavini Acit Pavarı daşıyan "Learjet 45" tipli təyyarə Pune bölgəsindəki Baramati hava limanına eniş etməyə çalışarkən idarəetməni itirərək yerə çırpılıb.
Çırpılmanın təsirindən alovlanan təyyarədə olan 66 yaşlı siyasətçi, 2 pilot, 1 mühafizəçi və 1 kabin heyəti üzvü həyatını itirib.
Hindistan Mülki Aviasiya Baş Müdirliyi (DGCA) qəza nəticəsində sağ qalanın olmadığını rəsmən təsdiqləyib.
Məlumata görə, Acit Pavar yerli seçki mitinqlərində iştirak etmək üçün səfərə çıxıbmış. Hadisədən sonra Hindistanın Baş naziri Narendra Modi kədərini ifadə edən bəyanat yayıb. Baş nazir qeyd edib ki:
"Onun vaxtsız vəfatı çox şokedici və üzücüdür. Pavar xalqla güclü bağları olan, çalışqanlığı ilə seçilən bir lider idi. Ailəsinə və yaxınlarına başsağlığı verirəm".
Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.