Misirin Cənubi Sina vilayətində sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər həyatını itirib, 28 nəfər xəsarət alıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Misirin Səhiyyə və Əhali Nazirliyinin məlumatına görə, hadisə Dahab-Nuveybe avtomobil yolunda səhər saatlarında baş verib. Hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 16 nəfər hadisə yerindəcə həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 20 təcili tibbi yardım maşını cəlb edilib. Qəzada xəsarət alan 28 nəfər ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hazırda yaralıların vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.