Bakı metrosunda aparılan yenidənqurma və xəttlərin ayrılması işləri zamanı sərnişin daşımalarının fasiləsiz təmin olunması məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev açıqlama verib.
A.Rzayev bildirib ki, bəzi istiqamətlərdə sərnişinlərin əlavə keçid etməsi və nəqliyyat vasitələrini dəyişməsi zərurəti yarana bilər ki, bu da metro daxilində sıxlığa səbəb ola bilər:
“Əgər sərnişin axını düzgün tənzimlənməsə, metronun daxilində sıxlıq yaranacaq və qatarların hərəkət intervalını azaltmaq mümkün olmayacaq. Bu səbəbdən alternativ nəqliyyat həlləri tətbiq edirik”.
O əlavə edib ki, aparılan hesablamalara əsasən müəyyən sərnişin axını müvəqqəti olaraq avtobuslarla daşınacaq:
“Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq. Marşrutlar əsasən “Nizami–28 May” və “Əcəmi–28 May” kimi intensiv istiqamətlər üzrə sərnişinlərin daşınmasını təmin edəcək. Avtobuslar metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri kompensasiya edəcək”.