Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobil yanması ilə bağlı məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində başlayan yanğının genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin mühərrik hissəsi yararsız hala düşüb.
Yanğın zamanı yüksək temperaturun təsiri nəticəsində yaxınlıqda saxlanılan “Mercedes” markalı avtomobilin isə bamperi deformasiyaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərin qalan hissələri yanğından mühafizə edilib.