Azərbaycanda fevralın 10-da hava şəraitinin kəskin dəyişəcəyi və qar yağacağı gözlənilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara və qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Eyni zamanda, güclü şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi kəskin artaraq 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə 80-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv xarakter alacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 5-8 dərəcə isti, dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.
Sürücülərin diqqətinə: Gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.