Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrdə yağış, əksər ərazilərdə isə qar yağıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 10:00-a olan məlumatında bildirilib.
Məlumata görə, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 31 sm, Şəkidə (Kişçay) 20 sm, Qrızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 8 sm, Kəlbəcər və Qusarda (Laza) 7 sm, Qubadlı, Laçın və Lerikdə 5 sm, Qobustan, Quba və Xızıda 4 sm, Şamaxıda 3 sm, Yardımlıda isə 2 sm təşkil edib.
Düşən yağıntının miqdarı Qəbələdə 34 mm, Astarada 23 mm, Lənkəranda 21 mm, Cəlilabad və Neftçalada 18 mm, Oğuzda 15 mm, Balakəndə 14 mm, Biləsuvarda 11 mm, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.
Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar və Quba ərazilərində duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 12 dərəcə şaxta, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.