Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən "Turizm haqqında" qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: "Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb".