Ötən il ərzində 3 milyondan artıq vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısı alınıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Qurumun açıqlamasına görə, aparılan nəzarət və yoxlama tədbirləri nəticəsində fərdi məlumatların qorunması tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və həmin qurumlar inzibati məsuliyyətə cəlb edilib.
Bildirilib ki, sosial şəbəkələrdə həyata keçirilən monitorinqlər çərçivəsində 3 mindən çox vətəndaşa məxsus fərdi məlumatların qanunsuz yayılması faktları aşkarlanıb. Bu hallar üzrə operativ tədbirlər görülərək pozuntuların aradan qaldırılması təmin olunub.
ETX-dən bildirilib ki, vətəndaş müraciətlərinin daha çevik qəbul edilməsi və icra prosesinin şəffaf izlənməsi məqsədilə cari il ərzində xüsusi elektron portalın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu addımlar ölkədə fərdi məlumatların mühafizəsi və kiber təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən sistemli tədbirlərin tərkib hissəsidir.