ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında gərginliyi daha da artıran bir bəyanatla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, özünün "Truth Social" sosial şəbəkə hesabında İranın enerji sektoruna qarşı sərt təhdidlər səsləndirib.
Trampın sözlərinə görə, yaxın gələcəkdə ABŞ İranın ən mühüm neft ixrac terminalı olan Xarq adası və digər strateji neft-qaz obyektləri üzərində nəzarəti ələ keçirə bilər.
Qeyd edək ki, Xarq adası İranın enerji sənayesinin "ürəyi" hesab olunur və ölkənin neft ixracının böyük hissəsi buradan həyata keçirilir.
ABŞ-nin İrana qarşı izləyə biləcəyi siyasəti Venesuela nümunəsi ilə müqayisə edən Tramp, Vaşinqtonun Venesuelanın neft və qaz bazarlarını faktiki olaraq nəzarətə götürdüyünü iddia edib.
O, bu yanaşmanın həm Karakas, həm də Vaşinqton üçün "mükəmməl nəticə verdiyini" bildirib.
Xatırladaq ki, son dövrlərdə ABŞ və İran arasında hərbi gərginlik pik həddə çatıb. İki ölkə arasında Hormuz boğazı və regiondakı hərbi bazalar ətrafında baş verən qarşıdurmalar, habelə Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) fikir ayrılıqları vəziyyəti daha da mürəkkəbləşdirir.